Kritik dönəmə hazırlıq: Prezidentin mesajları – ŞƏRH

Kritik dönəmə hazırlıq: Prezidentin mesajları – ŞƏRH

Kritik dönəmə hazırlıq: Prezidentin mesajları – ŞƏRH

person access_time 3 ay əvvəl
thumb_up 322 thumb_down 5 visibility3375

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yaratdığı psixoloji gərginliyi, sosial-iqtisadi problemləri aradan qaldırmaq üçün konsepsiyasının miqyası genişlənir.

Pandemiya dövründə səhiyyə sisteminin ən müasir standartlara uyğunlaşdırılması istiqamətində atılan addımlar, koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün “immunitet” qazanılması hökumətin qarşısında duran əsas çağırışdır.

Azərbaycan dövləti həmin çağırışın reallaşdırılması üçün mövcud olan resurslarını səfərbər edir, bununla paralel olaraq əlavə rezervlərin toplanması istiqamətində addımlar atır.

Koronavirusun ölkədə səhiyyə sistemini yükləməsinin qarşısını almaq üçün iyunun 9-da daha üç modul tipli xəstəxana açılıb (Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksləri).

Açılışda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər.

Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı, ümumilikdə 100 palata və 200 çarpayı yeri olan üç korpuslu bu xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir.

Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2 000 çarpayılıq ehtiyatı yaranır. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.

Xatırladaq ki, ilk belə xəstəxana mayın 7-də paytaxtda istifadəyə verilib. Daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev iyunun 9-da açılışda çıxış edərkən deyib ki, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır.

Dövlət başçısının sözlərinə görə, daha altı xəstəxananın istifadəyə verilməsi əlavə iki min çarpayının olacağı deməkdir.

Özəl sektorun koronavirusla mübarizədə dövlətə dəstək olması isə həmrəylik nümunəsi kimi qiymətləndirilməlidir. Bu, çətin dövrdə dövlətin üzərinə düşən yükü azaldır və hökumətə infeksiyanın yayılmasının qarşısının alınması sahəsində əlavə manevr imkanları verir.

Prezidentin sözlərinə görə, həmin 10 xəstəxananın dördünü özəl sektor öz vəsaiti hesabına inşa edəcək.

İlham Əliyev buna görə təşəkkür edib.

“Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm”, - deyə Prezident əlavə edib.

Dövlətin koronavirusla mübarizə strategiyasında əhalinin sağlamlığı ən üst səviyyədə dayanır və vəziyyət tam nəzarət altındadır.

Bununla belə, son 10 gündə koronavirusa yoluxma dinamikası xəstəlikdən sağalma hallarını üstələyir.

Prezident bunun səbəbindən danışarkən qeyd edib ki, karantin rejiminin yumşaldılması dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstəriblər.

Son bir neçə gündür ki, yoluxma halları 300 rəqəminin üzərindədir. Artım tendensiyası dövlət qarşısında perspektiv üçün kritik vəziyyətə hazırlıq baxımından çağırışlar qoyur.

“Biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin”, - deyə İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır.

Prezident Azərbaycanı Ermənistanla da müqayisə edib:

“Dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün, bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə, biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir”.

İlham Əliyev Azərbaycanla inkişaf etmiş ölkələr arasında da analogiya aparıb:

“İnkişaf etmiş ölkələrlə digər müqayisəni də apara bilərəm. Məsələn, bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq”.

İlham Əliyev qapalı məkanlarda tibbi maska taxmağın zəruriliyindən söz açıb və xalqa özündən misal gətirməklə nümunə göstərib:

“Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində”.

Prezident pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu zərərdən də danışıb və rəqəmlər səsləndirib. O bildirib ki, ümumi daxili məhsul beş ayda 1,7 faiz aşağı düşüb.

Bununla belə, dövlət başçısı qeyd edib ki, bu tempdə tənəzzül bir çox inkişaf etmiş ölkələrlə müqayisədə çox kiçikhəcmlidir.

Statistikaya əsasən, pandemiyaya baxmayaraq, ölkədə sənaye istehsalı bir qədər artıb.

Qeyri-neft sektorunda sənaye 14 faiz yüksəlib. Kənd təsərrüfatında 3,6 faiz artım qeydə alınıb. Orta əməkhaqqı 740 manata yaxınlaşıb. Bu, təqribən 430 dollardan çoxdur. İnflyasiya 3 faizdən aşağıdır, yəni proqnozlaşdırılmış səviyyədədir.

Prezident iqtisadi mənzərənin ürəkaçan olmasını hökumətin fəaliyyətinin çox uğurla həyata keçirilməsi ilə əlaqələndirib.

Həmçinin o əmin edib ki, əgər iqtisadiyyat tənəzzülə uğrasa, bərpa ediləcək, insanların həyatını isə bərpa etmək mümkün deyil.

Prezidentin çıxışındakı tezislər həm hökumət, həm də xalq qarşısında mühüm çağırışlar qoyur.

Bu günə qədər ölkə üzrə 8 191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 4 606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3 487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 349 200 test aparılıb. 

Xəbərlər

Müdafiə Nazirliyi: Ermənilər Azərbaycana məxsus heç bir tankı vurmayıb

Müdafiə Nazirliyi: E...

access_time2 ay əvvəl
Ermənistana məxsus PUA məhv edildi

Ermənistana məxsus P...

access_time2 ay əvvəl
Əli Əsədovdan “Beşbarmaq dağı” ilə bağlı SƏRƏNCAM

Əli Əsədovdan “Beşba...

access_time3 ay əvvəl
zoom_in zoom_out