Qarabağ, ağrım, acım...

Qarabağ, ağrım, acım...

person access_time 6 ay əvvəl
thumb_up 1 thumb_down 0 visibility540

Qarabağ...Yurdum, yuvam, ağrım, acım...Qarabağın adı çəkiləndə hər birimizin ürəyindən sanki bir sızıltı, bir ağrı keçir. Bəzən o ağrı ürəyimizi göynədir, bəzən isə bizi için-için ağladır. Erməni dığalarının və axçilərinin bəh-bəhlə yeyib içdikləri, oynadıqları, şəkil çəkdirib paylaşdıqları o yerləri görəndə necə sızlamasın ürəyimizin başı?! Necə yaş axıtmasın gözlərimiz?! Bağışla məni, Qarabağ. Bağışla ki, ac qurdların tapdağında qoymuşam səni. Azərbaycanın konservatoriyası olan Şuşamı, muğamımın beşiyi Ağdamı, şəfalı İstisuyu olan Kəlbəcərimi, çiçəklər diyarı Cəbrayılı, qəhrəman Laçını, Qubadlını, Zəngilanı, Füzulini, agı deyib qan ağlayan Xocalımı düşmən tapdağı altında qoyduğum üçün bağışla. Biz səni unuda bilərikmi? Əsla.

Bilirəm sən də o azğınlara süfrə olmaqdan bezmisən, sən də darıxırsan öz alimlərin, söz ustadların, məsum üzlü körpələrin üçün. Darıxma! Əzilsən də, didilsən də, yenə də əzəmətlisən,  yenə də vüqarlısan, Qarabağ. Çünki sən nər oğullar, mərd qızlar diyarı Qarabağsan. Əminsən ki, gec-tez o igidlərin səni təcavüzkar, hiyləgər ermənilərdən azad edəcək. Üzeyirin, Bülbülün, Xan Şuşinskinin, Natəvanın gülləbaran edilmiş abidələri qurtulacaq. Qurtulacaq Xarı bülbülün, qurtulacaq Cıdır düzün.

Şahidi oldun ki, dördgünlük aprel döyüşlərində igidlərin erməniləri necə darmadağın etdilər. Qorxudan sarısını udan düşmən üzərində qalib oldular, dörd gün ərzində yağılara dörd ilin cəhənnəmini yaşatdılar. Dördgünlük döyüşlərin nəticəsində Lələtəpə yüksəkliyi, Talış yüksəkliyi Azərbaycanın şücaətli Ordusunun nəzarətinə keçdi. Tariximizə qızıl hərflərlə yazılan aprel döyüşləri bir daha sübut etdi ki, qələbə sevincimiz heç də uzaqda deyil. Prezident İlham Əliyev tərəfindən imzalanan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam da bu faktın təsdiqidir. Cocuq Mərcanlı kəndinin sakinlərinin öz doğma yurd-yuvalarında tam təhlükəsiz şəraitdə yaşamaları üçün hər cür şərait yaradılacaq ki, bu da mənfur qonşumuzun gözünə ox kimi batacaq.

Bəli, bu itirilmiş torpaqlarımız uğrunda aprel döyüşlərində şəhid olan oğullarımız da oldu, ayağını, gözünü, qolunu itirənlərimiz də. Bir yandan şəhidlərimiz üçün ağladıq, bir yandan azad olunmuş torpaqlarımız üçün sevindik. Bəlkə də sən torpağında axan azərbaycanlı qanı görmək istəmədin. Bəlkə də sən illərdir sülh səsinin ucalacağına inandın, susdun, gözlədin. Amma təəssüflər olsun ki, dünya səni anlamaq istəmir. Sənin hər parçanın, hər qarışının bizlərə nə qədər doğma olduğunu duymur. Şuşasız Qarabağ, Qarabağsız Azərbaycanın olmadığını bilmədikləri üçün anlamazlar bizi. Şəhidlərimizin ruhlarının narahat olduğunu anlamazlar. Dünya birliyi hələ də anlamır ki, damarında azərbaycanlı qanı axan hər kəsin ürəyi Qarabağla döyünür. 

Mən aşiqəm Qarabağ,

Qara salxım, qara bağ.

Aləm cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ.

 

Xəbərlər

ARUZUN TÖRƏMƏLƏRİ

ARUZUN TÖRƏMƏLƏRİ...

access_time1 ay əvvəl
REJİSSOR RZA RZAYEV YAZIR:

REJİSSOR RZA RZAYEV ...

access_time1 ay əvvəl
“11 aprel seçkiləri onların planlarını alt-üst etdi”

“11 aprel seçkiləri ...

access_time2 ay əvvəl
zoom_in zoom_out