Çörəyimizdən çıxan siqaret kötüyü…

Çörəyimizdən çıxan siqaret kötüyü…

Çörəyimizdən çıxan siqaret kötüyü…

person access_time 1 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility652

Dünya Sakit

Qədimdə Londonda keyfiyyətsiz məhsul istehsal edən şəxsləri arabaya mindirib, buraxdığı zay məhsulu xüsusi lövhədə boynundan asaraq, bütün şəhər boyu gəzdirirdilər. Bu yolla istehsalçıları keyfiyyətsiz istehsaldan yayındırmağa, istehlakçılara isə kimin malını alamamağı öyrətməyə çalışırdılar.

Qədimdə Azərbaycanda istehlakçılara keyfiyyətsiz məhsul sırıyanlara nə cəza verildiyinə dair tarixdə heç nə qalmayıb. Amma indiki dövrdə bu əməlin sahiblərinin demək olar ki, cəzasız qaldığını hamımız bilirik: çörəyimizdən siqaret kötüyü, milçək ölüsü, daha nələr çıxır, keyfiyyəti isə ağlamağa göz istəyir. Qatıq-südümüzü, qaymaq-xamamızı 3 gün əvvəl istehsal edib sabahın tarixini yazırlar, kolbasa-sosiskaların başına açılan oyunlardan danışmağa belə dəyməz...

Bu qədər keyfiyyətsiz məhsullarla nəinki dünyaya, heç regiona belə açıla bilməyəcəyimiz göz önündədir. Çünki uzaq xarici demirəm, ənənəvi ixrac istiqamətimiz olan Rusiya da keyfiyyət məsələsinə bizdən daha sərt yanaşır və bizim problemli məhsullarımızı öz bazarına buraxmaq fikrində deyil. Son bir ildə dəfələrlə Azərbaycandan gedən tonlarla bu və ya digər məhsulu geri qaytarıblar. Elə sonuncu belə hadisə bir neçə gün əvvəl olub. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycandan bu ölkəyə ümumi çəkisi 16,06 ton süd məhsullarının ixracının qarşısını alıb.

İxrac üçün nəzərdə tutulmuş və "Milk-Pro" şirkətinin istehsalı olan pendir, xama, kərə yağı, qatıq, ayranın hər iki ölkənin müvafiq baytarlıq sertifikatı yoxdur. Bununla yanaşı, Rusiya tərəfi qeyd edir ki, məhsulların üzərində qeyd olunan tarix faktiki istehsal tarixi ilə üst - üstə düşmür. Qeydə alınan çatışmazlıqlar arasında bəzi məhsulların üzərində rus dilində müvafiq məlumatın olmaması da var(APA).

Qeyd edim ki, 2012-ci ildə Azərbaycanda istehlakçıların hüquqlarının pozulmasına görə həm İnzibati Xətalar, həm də Cinayət Məcəlləsində nəzərdə tutulan maddələrin sanksiyaları sərtləşdirilib. Belə ki, Cinayət Məcəlləsinin 200-cü maddəsinə əsasən istehlakçıları aldadanlar (fiziki və hüquqi şəxslər) 3000-7000 manat arası cərimələnə, 180-240 saat istimai işə cəlb edilə, hətta bu əməldən kiminsə sağlamlığına xətər toxunduqda, yaxud ölüm hadisəsi qeydə alındıqda 7000-9000 manat cərimələnə, 2-7 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Yeni İnzibati Məcəllənin 447-448-ci maddələrinə əsasən isə istehlakçıları aldadan yerli istehsalçı, habelə keyfiyyətsiz məhsul idxal edən fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilirlər.

Göründüyü kimi, ölkə qanunvericilyində istehsal, hətta idxal olunan keyfiyyətsiz məhsula görə kifayət qədər ağır cəzalar nəzərdə tutulur. Lakin qanunvericiliyin bu normalarının real tətbiq səviyyəsi heç də ürəkaçan deyil. Bu qədər keyfiyyətsiz məhsulların fonunda istehlakçıların keyfiyyət göstəriciləri üzrə aldadılması faktına görə cəzalanma hallarına çox nadir hallarda rast gəlmək olur. Bu cür halların böyük əksəriyyətində isə yalnız cəzaların cərimə növündən istifadə olunur. Bəzən hətta belə olur ki, bir qurum keyfiyyətsiz məhsul istehsalı, istehlakçıları aldatmaya görə bir şirkəti cərimələyir, 7-8 aydan sonra başqa bir qurum həmin şirkətin yenə eyni əməli törətdiyini aşkarlayır, yenə də cərimə ilə kifayətlənir. Halbuki təkrarlanan hallara görə başqa cəzalar nəzərdə tutulur. Keyfiyyətə nəzarət edən dövlət qurumlarından bu cür “mülayim” münasibət görən istehsalçının öz bildiyini davam etdirməsi, əlbəttə ki, təəccüblü deyil...

Dünya təcrübəsi göstərir ki, inzibati və cinayət cəzaları ilə yanaşı, ictimai qınaq da bu kimi halların qarşısının alınmasında ciddi müsbət effekt verir. Buna görə də lazımdır ki, keyfiyyətə nəzarət edən dövlət qurumları - İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Gigiyena və Epidemiologiya Mərkəzi – aşkarladıqları faktlar üzrə məlumatlar əsasında keyfiyyətsiz məhsul istehsalçılarının siyahısını tərtib edərək, müntəzəm olaraq yeniləməklə ən azı öz İnternet resurslarında yerləşdirsinlər.

Xəbərlər

İkinci telekommunikasiya peyki orbitə çıxarılır-

...

access_time5 gün əvvəl
Mərkəzi Bankın sədri: Strelizasiya alətlərinə ehtiyacı çoxdur

Mərkəzi Bankın sədri...

access_time3 həftə əvvəl
Əhalinin sayı artıb- 9 milyon 875 min 273 nəfər

Əhalinin sayı artıb-...

access_time3 həftə əvvəl
zoom_in zoom_out