Dəyişməyən və dəyişən

Dəyişməyən və dəyişən

Dəyişməyən və dəyişən

person access_time 3 il əvvəl
thumb_up 0 thumb_down 0 visibility515

 

RZA-RZA_12112011(hekayə)Atamgil boyük ailə olublar ; on bir uşaq , on biri də oğlan . Kənddə birinci atamgilin ailəsində on bir oğlan uşağı olub .Atam kənddən çıxan birinci cavan olub ki , şəhərə oxumağa gəlmiş və geri qayıtmamışdı . Atam şəhərin birincisinin birinci qızı ilə ailə həyatı qurmuş, birincinin qızını necə sevmişdisə , atasından qorxduğunu unutmuş , şəhərli qız ilə ailə həyatı quran kəndin birincisi olmuşdu . Bu üzdən kəndə getmirdi ki, atası ilə üz - üzə gəlməsin, babam da atamdan üz çevirmişdi , qohumlar babama nə qədər üz vursalar da , babam üz verməmişdi .Məni isə babam çox istəyirdi , mən onun birinci nəvəsi idim , kəndə tez - tez gedərdim , babam məni görəndə üzü gülərdi və deyərdi : - Birincim gəldi! Mən də babamı çox istəyirdim , babam əlimdən tutardı , kənd içinə çıxardıq . Hamı babama yol verərdi , yer eləyərdi , deyərdilər : - Birinci gəlir .Sovet yenicə dağılmışdı , həmin il birinci sinfə getdim , birinci gün birinci partada oturmaq üçün dava etdim . Müəllimə nə qədər etsə də , keçib boş yerlərdən heç birində əyləşmədim , ayaq üstə qaldım , inad etdim . Axırda müəllimənin əlacı kəsildi , birinci partada əyləşən uşaqlardan birini qaldırıb mənə yer elədi .Boyum uşaqlardan gödək olsa da , sırada birinci dururdum , sinfə birinci girirdim , dərsi birinci danışırdım , suallara birinci cavab verirdim , sinifdən birinci çıxırdım . Rübün sonunda sinfin birincisi oldum .Hələ adlarımızı əməlli - başlı bilmirdik , sinfin birincisi olduğumdan müəllimə məni hamıya nümunə göstərirdi və mənə Birinci deyə müraciət edirdi. Sonra uşaqlar da məni Birinci kimi tanımağa və Birinci deyə çağırmağa başladılar.Məktəb illərində jurnalist olmaq istəyirdim , amma sənədlərimi universitetin birinci fakültəsinə verdim , yəni hüquqa və testdə birinci oldum . Universitetdə də birinci partada əyləşdim , qrupun , sonra isə universitetin birincisi oldum . Universiteti fərqlənmə ilə bitirdim .Diplomu birinci mənə təqdim etdilər , universitetin birincisi diplomu təqdim edəndə soruşdu :- Oğlum , sən də Birincilərdənsən ?- Hıı ... Siz də ?- Hıı...Hər ikimiz verdiyimiz cavaba gülümsədik .

***Əvvəl - axır bizim kəndin hekayəsini kimsə yazacaqdı , istədim birinci yazan özüm olum . Axşam arabama əyləşib Bakıdan üz çevirdim , üz tutdum kəndə . Yolda bir araba qoymadım , bütün arabaları ötdüm ki , kəndə birinci mən çatım .Günəş hələ doğmamışdı , göydən azca işıq sızırdı , havaya işıq damırdı , işıq damcıları yerə çatmamış havaya yayılırdı , hava damcı - damcı işıqlanırdı. Kəndə çataçatda göyün işıq sızan yerindən günəş doğdu , kəndə birinci mən çatdım .Rayonumuzun girəcəyində birinci kənd Birincilər idi . Rayonumuzdan çıxan kimi böyük lövhədə yazılmışdı - Birincilər . Və bütün birincilərin şəkilləri yan - yana düzülmüşdü , hamısı şəkildə düz dayanmışdı .Düz baxanda rayon kəndə yapışıq idi . Amma Birincilər kəndi üzü rayona fərqli durmuşdu , duruşu kəndə oxşamırdı , rayona üstdən aşağı baxırdı , çünki rayonun üstündə yerləşirdi .Şəhərdən gələnlər Birincilərdən keçib rayona gedərdilər . Şəhərdə olan bütün infrastruktur Birincilərdə var idi - böyük məktəb , kitabxana, kinoteatr , xəstəxana . Bircə ginekoloq yox idi .Heç kim cürət edib Birincilərin arxasına kənd sözü qoşa bilməzdi . Həmin adamı qoşardılar arabaya .Sovet qurulana qədər Birincilərin adı olmuşdu Araba . Müasir rəvayətçilərin dediyinə görə , ilk dəfə araba bu kənddə olub. Hər yerdən camaat axışıb gəlib arabaya baxmağa , çoxu da geri qayıtmayıb , Arabada yer salıblar özlərinə . Kənd getdikcə böyüyüb , kənddə qalan tayfalar da böyüyüb , kənd tayfalara bölünüb . Kənddə böyük , kiçik tayfalar olduğundan böyük - kiçik tanınırdı , böyük - kiçik yeri var idi .Sovet birinci bu kənddə quruldu . Sovet bu kəndə birinci baxdı , hər şeyin yaxşısını , birincisini bu kəndə göndərdi .Sovet qurulan kimi kənddə birincilik uğrunda mübarizə başladı . Kənddəki birincilik mübarizəsi sonradan kəndlərarası birincilik mübarizəsinə döndü . Yaşamaq uğrunda mübarizə başladı , çünki birinci olmaq birinci olanlara birinci olaraq yaşamaq haqqı verirdi .Kənd birinci olmaq uğrunda mübarizəyə girişdi ; üzüm yığımında , pambıq yığımında , ət və süd planında birinci olurdular , öhdəliyi birinci yerinə yetirirdilər.Rayonun birincisi bu kənddən oldu , sonra şəhərin birincisi də bu kənddən çıxdı .Xalq arasında Araba kəndi qeyri - rəsmi Birincilər kimi tanındı , sonra adını dəyişib rəsmi Birincilər qoydular . Birincilərdə yaşayanları da birincilər kimi tanıdılar .Kənd camaatı görünüşcə , düşüncə və danışıq tərzi ilə fərqlənirdilər , başqalarından seçilirdilər . Ağızların açan kimi bilinirdi ki , bunlar Birincilərdəndir.Rayonun birincisi hər ilin birinci günü Birincilərə gəlirdi . Birinci gələndə Birincilərdə bütün birincilər sevinərdi . Birinci birinciləri təbrik edər və mükafatlandırardı . Birincilərdə də birincilər çox idi , birincilərin arasında birinci yeri tutan " qəhrəman analar " idi .Birincilərdə uşaq əlindən tərpənmək olmurdu . Yol da dar olduğundan , yol gedəndə uşaqları aralaya - aralaya , aralarından keçə - keçə getmək istədiyin yerə istədiyin vaxtda gedib çata bilməzdin .Sovet zamanı Birincilərin kişilərinə çatan , arvadlarını isə keçən olmadı. Başqa kəndlərin arvadları da Birincilərin arvadlarına həsəd aparırdılar . Birincilərin arvadlarının qarnında bir uşaq , kürəyində bir uşaq , əllərində isə bir neçə uşaq olardı . Sovet dağılana qədər Birincilərdə uşaq salan arvad olmadı .Dünyanın ən böyük məktəbi Birincilərdə idi . Hər il hər evdən ən azı məktəbə dörd - beş uşaq gedərdi . Hər il hər evdən birinci sinfə gedən olurdu . Dünyanın ən çox uşaq olan kəndi də Birincilər idi .Sovet birinci kəndimizdə qurulmuşdu , birinci də dağıldı , birincilər azalmağa başladı . Amma kəndimiz birinci olmağı əldən vermək istəmirdi . Elə bil dar kənd yolu genişlənmişdi , hara getmək istəsəydin , vaxtında gedib çatardın, bəzən də on -on beş dəqiqə tez . Getdiyin yol boyu gözə tək bir uşaq dəyərdi ya yox .Son zamanlar dərə tərəfdə olan birinci həyətə dağdan bir sal daş qopub düşmüşdü . Evin arvadı daşı həyətdən atmaq istəyəndə uşağını salmışdı . Kənddə olmayan hadisə olmuşdu . Kənd arvadları bu hadisədən tez xəbər tutmuşdular. Hadisə oldu kəndin birincisi .Kənd yenidən birincilik uğrunda mübarizəyə girişdi . Hər evdən ancaq bir uşaq səsi gəlirdi . Kəndin arvadları birincidən sonra tez - tez özlərini verərdilər Hadisəgilin həyətinə . Hadisə də daşı həyətin dalda yerinə çəkmişdi . Yeni gələnlərə də məsləhət verərdi , daşı necə tutmaq lazımdır , necə durmaq lazımdır , daşı necə , hara qədər qaldırmaq lazımdır .Hadisəgilin həyətinə özünü salan qadınlar sonra Hadisəgildən sallana - sallana gedərdilər , özlərini evlərinə ancaq çatdırardılar , evə özünü çatdırmayan da olurdu , özlərini ya dərəyə , ya da ağacların arasına verərdilər.On - on beş il keçəndən sonra məktəbdə siniflərin çoxu bağlandı , siniflər boş qaldı . Hər il hər evdən məktəbə evin birincisi gedərdi . Məktəbdə ancaq birincilər oxuyardı . Kənd dünyada yenə birinci yerə çıxmışdı , birincilərin hesabına .İllər keçdi , hər evdən yalnız bir uşaq səsi gəldi , kənddə ancaq birincilər yaşadı . Bütün ailələr birincilərdən ibarət idi . Hər evdə üç birinci var idi , ata da , ana da , uşaq da ailənin birincisi idi .Sovet iyirmi ildən çox olardı ki , dağılmışdı . Sovet dağılan kimi kəndimizin köhnə adını qaytardılar özünə , amma kəndimiz özünə qayıda bilmədi . Birincilik uğrunda gedən mübarizə kəndimizi çox geri salmışdı , birincilik qanımıza yerikləmişdi .Birincilik uğrunda sonsuz mübarizə kəndimizdə sonsuzluq xəstəliyi yaratdı. Kənddə qısırlıq xəstəliyi baş alıb gedirdi . Kişilər qısıla - qısıla gəzirdilər, dik gəzə bilmirdilər , gözlərini dikmişdilər Hadisəyə . Hadisə yenə olmuşdu kəndin birincisi . Çünki Hadisəgilin həyətindəki daşın başına hansı sonsuz qadın üç dəfə fırlanırdısa , həmin gecə boyuna uşaq düşürdü . Kənd qalmışdı hadisənin ümidinə .

Rza Rzayev

Xəbərlər

Ərdoğan yeddinci dəfə baba oldu

Ərdoğan yeddinci dəf...

access_time1 gün əvvəl
Məşhəddə 6 nəfər edam olundu

Məşhəddə 6 nəfər eda...

access_time1 gün əvvəl
Maliyyə Nazirliyi yeni elektron xidmətlər göstərəcək

Maliyyə Nazirliyi ye...

access_time1 gün əvvəl
zoom_in zoom_out